Bu bazar 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 14-də ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanı keçirəcək.
İmtahan Bakının Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonları da daxil olmaqla, ümumilikdə 30-dan çox şəhər və rayonda təşkil olunacaq. İmtahan saat 11:00-da başlayacaq, saat 10:45-dən sonra gələn iştirakçılar binaya buraxılmayacaq.
Şagirdlər imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədlərlə gəlməlidirlər. Şəkilsiz sənədi olan şagirdlər üçün təhsil müəssisəsindən verilmiş, fotoşəkilli arayış tələb olunur.
İmtahanlarda 51 237 şagirdin iştirakı gözlənilir. Onlardan 60 nəfəri sağlamlıq imkanları məhdud olanlardır. Onların rahat imtahan verməsi üçün xüsusi zallar və fərdi nəzarətçilər ayrılıb.
Ümumilikdə 212 imtahan binasında keçiriləcək prosesə 620 rəhbər, 4762 nəzarətçi və digər texniki heyət cəlb olunacaq. Təhlükəsizlik məqsədilə imtahan binaları əvvəlcədən yoxlanılıb və möhürlənərək mühafizəyə verilib.
N.Təbrizli