Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub-Yenilənib

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub.
Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.
"Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik.",- məlumatda qeyd olunub.
***
Azərbaycanın Tehrandakı səfirliyinə basqın edən şəxslə bağlı məhkəmə qərarı icra olunub. Bu barədə İSNA xəbər agnetliyi məlumat yayıb.
2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum təşkil olunub.
Terror zamanı öldürülən Orxan Əsgərovun atası Rizvan Əsgərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Tehranda keçirilən edam prosesində Azərbaycan Səfirliyinin iki əməkdaşı və ailə tərəfindən tutulmuş vəkil iştirak edib.
Cinayət işi üzrə ölüm hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra hökm icra olunub.
Aytac