Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə audiovizual məhsulların istehsalı və yayımı üzrə növbəti müsabiqə elan edir.
Bu barədə Audiovizual Şura məlumat yayıb.
Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə həyata keçirilir.
Ümumölkə yerüstü televiziya yayımçıları arasında təşkil edilən müsabiqədə iştirak etmək istəyən yayımçı Media Reyestrinə daxil edilmiş olmalı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun fəaliyyət göstərməli və müvafiq qaydalarla müəyyənləşdirilmiş sənədləri təqdim etməlidir.
Müsabiqə üçün təqdim olunan layihə Azərbaycanın dövlətçilik tarixi; milli adət-ənənələr və ailə dəyərləri; azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi; elmi-kütləvi, mədəni-maarif, təhsil; ekologiya və ətraf mühitin mühafizəsi; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzularından birini əhatə etməlidir.
Müsabiqəyə müraciət müvafiq sənədlərin elektron daşıyıcıda ərizəyə qoşma edilməklə Agentliyə təqdim olunması yolu ilə həyata keçirilir.
Qeyd edək ki, müsabiqəyə müraciət qəbulu 30 iyun 2025-ci il 18:00-dək davam edəcəkdir.
Son xəbərlər
Daha çox 