Şəhid lövhələrinin sökülməsinə deputatlardan REAKSİYA

Gəncədə müxtəlif ərazilərdə yerləşdirilən bütün şəhid lövhələri sökülüb. Bu barədə anews.az-a şəhid ailələrindən müraciət daxil olub.
Şəhid ailələri bildirib ki, Gəncə İcra başçısının onlarla görüşərək məsələnin mahiyyəti barədə məlumat verib.
Bir neçə şəhid ailəsi anews.az-a açıqlamasında bildirib ki, lövhələr 2025-ci ildə Gəncədə keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları ilə bağlı sökülüb.
Gəncə icra hakimiyyətindən anews.az-a bildirilib ki, şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərarı alınıb.
"Gəncənin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılmışdı. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşmüş, orijinal görkəmini itirmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb", - məlumatda deyilir.
Şəkil lövhələrinin sökülməsi ilə bağlı bir neçə deputatların fikirlərini öyrəndik.
Milli Məclisin deputatı Müşfiq Cəfərli bildirir ki, şəhid plakatlarının sökülməsinin səbəbi Gəncədə MBD oyunlarının keçirilməsi olsa da, geci tezi bu şəkillər söküləcəkdi.
"Gəncədə bütün şəhidlərin şəkil və məlumatlarını əks etdirən böyük memorial kompleks var. Digər tərəfdən Nizami yurdunda çox səliqəli və böyük bulaq kompleksləri də var.
Şəhid plakatlarının sökülməsinin səbəbi Gəncədə MBD oyunlarının keçirilməsi olsa da, düşünürəm ki, geci tezi bu şəkillər söküləcəkdi. Çünki plakatlardakı şəkillər artıq solub,təsvir olunan bayrağımızın rəngləri belə seçilmir. Küləyin, günəşin və yağışın təsirindən baxımsız vəziyyətə düşən bu plakatların əvəzinə Şəhidlərimiz üçün hazırlanmış memorial komplek var",- deputat vurğulayıb.
Deputat Razi Nurullayev hesab edir ki, dövlət şəhid lövlərinə olan diqqətlə bağlı məsuliyyəti Şəhidlər Xiyabanında öhdəlik götürməklə icra edir.
"Bu məsələ əvvəllərdə ciddi müzakirə olunurdu. Həmin lövhələr icra orqanlarınının nəzarətində olmayan şəhid lövhələridir. Həmin lövhələrə vaxtında diqqət ayrılmır. Bu məsələ dövlətin, bələdiyyənin himayəsində deyil. Günəş, yağış suları, palçıq həmin plakatları pis günə qoyur. Başqaları da çəkib sosial şəbəkələrdə paylaşırlar. Bunun üçün dövlət xüsusi yerlər ayırıb. Əslində MDB oyunları üçün sökülməni məntiqli hesab etmirəm. Gələn xaricilər də görməlidir ki, torpaq uğrunda şəhid olanlar var. Turist gəlib şəkilə baxıb narahatlıq çəkirsə bu onun problemidir. Bunun səbəb saymıram. Məntiqli düşüncə deyil",- deputat bildirib.
Millət vəkili Aqil Abbas hər dəfə həmin şəhid lövhələrinə baxaraq fatehə sürəsi oxuduğunu deyir.
"Mən şəhid lövhələrinin önündən hər dəfə keçəndə fatehə sürəsi oxuyuram. Ruhlarına dualar oxuyuram. Mənim torpağımı azad edən gənclərdir. Niyə sökürlər səbəbini bilmirəm. Hər halda istəmərəm sökülsün",- deputat vurğulayıb.
Deputat Aydın Mirzəzadə vurğulayıb ki, əgər belə bir hal baş verərsə bu yolverilməzdir.
"Mən şəhidlərə həmişə böyük hörmət görmüşəm. Onların xatirə lövhələri vurulur və s. Hesab etmirəm ki, belə bir hal olsun. Əgər belə bir hal varsa, mən bunu qınayaram ancaq. Bu yolverilməzdir. Məktəblərdə ictimai yerlərə şəkillər asılmalıdır. Onlara hörmət olmalıdır. Əgər hardasa şəkil sökmə halı varsa, yerli icra hakimiyyəti orqanları buna kəskin reaksiya verməlidirlər",- o bildirib.
Deputat Vasif Qafarovun sözlərinə görə, şəhid lövhələrinin sökülməsi doğru deyil.
"Mənim təmsil etdiyim rayonda bir çox şəhidlərin lövhələri var. Bəzən o şəkilləri gün vurur, rəngi bozarır amma bütövlükdə götürülsün deyilməyib. Bu cür yanaşma doğru deyil. Şəhidlərin xatirəsinin əbədiləşməsi vacibdir. Bu onların valideynləri üçün təsəllidir. Ancaq baxımlı olmalıdır", deputat bildirib.
Millət vəkili Elşad Musayev isə bu barədə məlumatının olmadığını, ancaq bu halın yolverilməz olduğunu vurğulayıb.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 