Bəylik kəndinə 41 ailə yola salınıb

Mayın 29-da Laçının bəylik kəndinə 41 ailə olmaqla 163 nəfər yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib.
Laçının Bəylik kəndinə bu il ərzində 91 ailənin köçürülməsi planlaşdırılır.
Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutub.
Laçının Sus kəndinə ilk köç karvanı 2024-cü ilin mayın 11-də olub.
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 