Moskvanın inkar siyasəti Xəzəri məhvə sürükləyir

Azərbaycan və Rusiya rəsmiləri çərşənbə günü Sankt-Peterburqda Xəzər dənizinin sürətlə dayazlaşmasının yaratdığı ekoloji və iqtisadi riskləri müzakirə edib. Lakin Moskva Volqa çayı üzərindəki təsirini etiraf etməyib və dayazlaşmanı yalnız iqlim dəyişiklikləri ilə izah edib.
2024-cü ilin avqustunda Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü vaxtı Azərbaycan prezidenti Xəzər dənizinin ekoloji fəlakətlə üz-üzə olması barədə bəyanat verib və Rusiyanı günahlandırıb.
Xəzər hövzəsinin əsas su mənbəyi olan Volqa çayı Rusiya tərəfindən onilliklər ərzində 11 iri su anbarı və bənd kompleksi vasitəsilə tənzimlənib. Beynəlxalq ekspertlər dayazlaşmanın artmasını məhz bu təsirlərlə əlaqələndirsə də, Moskva məsuliyyəti iqlim amillərinə yönəltməyə çalışır.
Volqa faktoru: Moskva məsuliyyəti bölüşməkdən imtina edir
Xəzər dənizi bağlı su hövzəsidir və su balansının 80 faizindən çoxu Volqa çayının hesabına formalaşır.
Lakin Volqa üzərində inşa edilən Volqoqrad, Saratov, Kuybışev, Ulyanovsk və digər su anbarları çayın axın rejimini ciddi şəkildə dəyişib və illik axının azalmasına səbəb olub.
Ekspertlərin hesablamalarına görə, Volqa hövzəsində bəndlərin tikilməsi nəticəsində çayın Xəzərə tökülən su həcmi son 50 ildə təxminən 20 faiz azalıb. Suvarma məqsədi ilə götürülən su həcmi isə ildə 50 milyard kubmetrə yaxınlaşır.
Rusiya rəsmiləri bildirir ki, Xəzərin səviyyəsinin enməsi əsasən qlobal istiləşmə və azalan yağıntılarla bağlıdır.
Dövlət Hidroloji İnstitutunun məlumatına görə, 2024-cü ildə Xəzərin səviyyəsi kritik həddə — mənfi 29 metrə enib. Ən ciddi dəyişikliklər isə dənizin dayaz şimal hissəsində, xüsusilə Dərbənd və Həştərxan sahillərində qeydə alınıb.
Təhlükə sahil infrastrukturuna və regionun iqtisadiyyatına zərbə vurur
Ekspertlər xəbərdarlıq edir ki, dayazlaşmanın davam etməsi milyonlarla insanı risk altına salacaq. Xəzər boyunca yerləşən Aktau, Kurık və Bakı limanlarının sahildən 5-7 kilometr geri çəkilməsi Mərkəzi Asiya və Qafqazı Avropaya birləşdirən Orta Dəhliz layihəsinə ciddi zərbə vura bilər.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, Xəzər bölgəsində daşımaların 30 faizi məhz bu limanlar üzərindən həyata keçirilir. Limanların sahil xəttindən uzaqlaşması yeni infrastruktur layihələri tələb edir ki, bu da milyardlarla dollarlıq əlavə investisiya və logistika xərcləri deməkdir.
İclasda tərəflər gəmiçiliyin pisləşməsi, ticarət imkanlarının azalması, balıqçılıq sektorunun zəifləməsi və biomüxtəlifliyin tənəzzülü barədə razılığa gəliblər. Həmçinin monitorinqin gücləndirilməsi, su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və balıq ehtiyatlarının bərpası üzrə tədbirlər təklif edilib.
Volqa bəndləri: Moskvanın susqun siyasəti
Federal Su Ehtiyatları Agentliyinin rəhbəri Dmitri Kirillov dayazlaşmanın yalnız Volqa ilə əlaqələndirilməsini “sadə yanaşma” adlandırıb və iqlim amillərinin təsirini önə çəkib.
O bildirib ki, Xəzərə axan 130-dan çox çay beş ölkənin — Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın ərazisindən keçir və regional səviyyədə koordinasiya olunan tədbirlər lazımdır.
Buna baxmayaraq, Moskva Volqa üzərindəki bəndlərin təsiri məsələsinə toxunmur. Həştərxan vilayətinin vitse-qubernatoru Denis Afanasyev dayazlaşmanı “təbiətin qanunauyğun prosesi” kimi qiymətləndirib və insan müdaxiləsinin məhdud imkanlarına diqqət çəkib.
Federasiya Şurasının sədr müavini Andrey Yatskin isə bildirib ki, “Xəzərin səviyyəsi son 400 ilin ən aşağı səviyyəsinə düşüb” və bu, xüsusilə şimal və şərq sahillərində sahil xətlərinin radikal dəyişməsinə səbəb olub.
Regional ekoloji təhlükəsizlik sual altındadır
Ekoloqlar xəbərdarlıq edir ki, Volqa çayı üzərindəki bəndlərin genişmiqyaslı fəaliyyəti iqlim dəyişikliyinin təsiri ilə birləşərək Xəzər hövzəsində ekoloji balansı pozur.
Əgər Moskva su ehtiyatlarının idarə olunması siyasətini yenidən nəzərdən keçirməzsə, Xəzərin dayazlaşmasının qarşısını almaq mümkün olmayacaq.
Beynəlxalq Enerji Agentliyi (IEA) və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) da bu prosesi qlobal iqlim riskləri siyahısına daxil edib. İqtisadi təsirlərlə yanaşı, regionun ekoloji təhlükəsizliyi də sual altına düşür.
Analitiklərin fikrincə, Xəzər regionunda dayazlaşma prosesi davam edərsə, növbəti onillikdə təkcə iqtisadi deyil, humanitar nəticələr də qaçılmaz olacaq.
N.Təbrizli