Qida təhlükəsizliyi sahəsində təhsil və peşəkarlığın inkişafı üçün yeni addımlar atılır- Nicat Məmmədli

“Qida təhlükəsizliyi sahəsində təhsil və peşəkarlığın inkişafı üçün yeni addımlar atılır . Bunu Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
“Sertifikatların təhsil kreditlərinə çevrilməsi, keyfiyyət təminatı üçün professional akreditasiya təşkilatlarının yaradılması və sənaye ilə ali təhsil müəssisələrinin əməkdaşlığının gücləndirilməsi sahədə kadr potensialının yüksəldilməsinə ciddi töhfə verəcək. Beynəlxalq səviyyədə mövcud olan müxtəlif sertifikatların ölkəmizdə də təhsil sisteminə inteqrasiyası tələbələrin bacarıqlarının artırılmasına imkan yaradır. Eyni zamanda, dünya təcrübəsində geniş yayılmış professional assosiasiyaların yaradılması və onların akreditasiya proseslərinə qoşulması, həmçinin müstəqil akreditasiya qurumlarının fəaliyyətə başlaması zəruridir”,- Nicat Məmmədli iyunun 4-də keçirilən Ümumdünya Qida Təhlükəsizliyi günü konfransında deyib.
Nicat Məmmədli əlavə edib ki, qida təhlükəsizliyi sahəsində təhsil sistemində multidissiplinar inteqrativ proqramların yaradılması və inkişaf etdirilməsi ən vacib və prioritet məsələlərdən biridir.
Aytac Zeynalova