Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir - Növbəti ölüm/YENİLƏNİB

(Yazıya qara həriflərlə həkimin açıqlaması əlavə olunub)
Rusiya vətəndaşı olan Arzu Sadıqova Bakı klinikalarının birində ümumi cərrah eyni zamanda "MedAura" klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb. Bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib.
Vəfat edən pasientin ailəsi Arzu Sadıqovanın ölümündə həkimi günahlandırır.
"Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb", - pasientin yaxınları bildirib.
Nigar Məmmədova Bakıda klinikaların birində fəaliyyət göstərir, həm də "Medaura" klinikasının baş həkimidir.
Məsələ ilə bağlı həkim Nigar Məmmədovanın rəsmi səhifəsində yerləşdirdiyi əlaqə nömrəsinə zəng etsək də həmin nömrənin təyin olunmadığı deyildi.
Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluqdan hələ cavab verməyiblər.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin "Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb.
Baş verən hadisə ilə bağlı həkim Nigar Məmmədova anews.az-a açıqlamasında bildirib ki, pasientdə aparılan “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika,həmçinin abdominaplastika “ əməliyatından sonra pasiyentimizdə,tibbdə tanınan ağırlaşma — emboliya halı müşahidə olunub.
"Aparılan “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika,həmçinin abdominaplastika “ əməliyatından sonra pasiyentimizdə,tibbdə tanınan ağırlaşma — emboliya halı müşahidə olunub. Bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Bu ağır itkini böyük üzüntü ilə qarşılayır, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.Əməliyyat müvafiq tibbi protokollara uyğun şəkildə icra olunub. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən ediləcək.
Pasiyentlərin təhlükəsizliyi və sağlamlığının qorunması bizim üçün daim prioritet məsələdir və prioritet olaraq da qalacaq.
Media nümayəndələrindən və ictimaiyyətdən xahiş edirik ki, mərhumun ailəsinə hörmət əlaməti olaraq şəxsi məlumatların və təfərrüatların yayılmamasına həssaslıqla yanaşsınlar",- açıqalamada qeyd olunub.