Kələm əkinləri dolu, sel və digər risklərə qarşı sığortalanır

Azərbaycanda kələm əkinlərinin aqrar sığortası üzrə müraciətlər davam edir. Aqrar Sığorta Fondu fermerləri məhsullarını təbii fəlakətlərə qarşı qorumağa və mövcud dövlət dəstəkli sığorta imkanlarından yararlanmağa çağırıb.
Fonddan bildirilib ki, dövlətin 50%-lik subsidiya dəstəyi ilə fermerlər 1000 manatlıq kələm məhsulunu 8,5–9,5 manat sığorta haqqı ilə sığortalaya bilirlər. Məsələn, Xaçmaz rayonunda 12 min manatlıq məhsul gözlənilən 1 hektar kələm sahəsinin sığortası fermerə cəmi 114 manata başa gəlir.
Sığorta dolu, sel, qasırğa, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin zərərinə qarşı təminat verir. Əlavə olaraq, dolu səbəbindən məhsulun keyfiyyətinin aşağı düşməsi də əlavə risk kimi sığortaya daxil edilə bilər. Bu halda, əlavə 1 manat ödənişlə əmtəə keyfiyyəti də qorunur.
Kələm becərilən əsas bölgələr arasında Bərdə, Şəmkir, Gədəbəy, Qusar və Xaçmaz rayonları yer alır. Əkin sahələri ümumilikdə 4 min hektara yaxındır.
Regionlar üzrə 1000 manatlıq məhsulun sığorta tarifləri:
Mərkəzi Aran – 8,5 manat
Quba-Xaçmaz – 9,5 manat
Şəki-Zaqatala – 20,4 manat
Lənkəran-Astara – 10,0 manat
Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz – 16,8 manat
Bakı – 10,1 manat
Abşeron-Xızı – 8,0 manat
Mil-Muğan, Şirvan-Salyan – 8,5 manat
Əlavə məlumatlar üçün Aqrar Sığorta Fondunun rəsmi saytı və 1651 Çağrı Mərkəzi vasitəilə müraciət edilə bilər.
Gülnar
Son xəbərlər
Daha çox 