MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində olub

Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndə heyəti Çinə səfəri çərçivəsində Sinxua xəbər agentliyində olub. Bu barədə məlumat verilib.
Sinxua agentliyinin rəhbərliyi ilə görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov cari ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın və digər sənədlərin imzalanmasının mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini deyib.
Sinxua agentliyinin prezidenti Fu Hua rəhbərlik etdiyi qurumun beynəlxalq informasiya əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək Azərbaycanla media sahəsində əməkdaşlığın inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
O bildirib ki, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri zamanın sınağından keçmiş və möhkəm təməl üzərində qurulub. Fu Hua Sinxua ilə AZƏRTAC-ın son illərdə bir çox istiqamətdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, bir-birinin media layihələrinə dəstək verdiyini, mütəmadi xəbər mübadiləsi apardığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün gələcək addımlar müzakirə edilib.
Son xəbərlər
Daha çox 