"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın söndürülüb -Video - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.Bu barədə FHN-dən bildirilib.
23:58
Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
23:55
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
23:48
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.
23:40
Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partlayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
***
Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış baş verib.Bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, partlayış Bakıdakı Kinostudiyanın köhnə pirotexnika sahəsində yerləşən “Alov” zavodunda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.
Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.
Əlavə məlumat veriləcək.