• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Yekaterinburqda həbs olunan azərbaycanlının vəkili danışdı - Yenilənib

Yekaterinburqda həbs olunan azərbaycanlının vəkili danışdı - Yenilənib
29.06.2025 21:33

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gənciyev Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb.Bu barədə “Report”a onun vəkili İlkin Əmirov deyib.

Vəkilin sözlərinə görə, istintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil.

"Əhliman Gənciyevin qətllə heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü (27 iyun - red.) səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu iki saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gənciyev naməlum şəkildə yoxa çıxıb", - İlkin Əmirov bildirib.

"Qohumları və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı, işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü (28 iyun - red. ) gecə ona zəng gəlib ki, həmin gün həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək.

Əhliman Gənciyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gənciyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçmir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır", - vəkil vurğulayıb.

İlkin Əmirov həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir: bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var, digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır.

Vəkil əlavə edib ki, işdə yeganə “sübut” işgəncə ilə alınan bir nəfərin etirafı və istintaqın maraqları naminə şəxsiyyəti gizlədilən iki şahidin ifadəsidir ki, bu da onun sözlərinin doğruluğunu yoxlamağı mümkünsüz edir.

“Bu işə son qoymaq perspektivi var və biz ədalət axtaracağıq”, - Əmirov yekunlaşdırıb.

 

17:33

 

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.

APA xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.

Bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.

***

Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə APA xəbər verir.

***

Yekaterinburq məhkəməsi növbəti azərbaycanlı, Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

APA xəbər verir ki, Gənciyev məhkəmə zalına gətirilib.

Onun üç uşaq atası və Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.

Məhkəmə əvvəllər məhkum olunmayan Gənciyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi prosesini qapalı elan edib.

***

Yekaterinburq məhkəməsi Şahid Lalayev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.

Bu barədə APA xəbər verir.

***

Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxacaq.

APA xəbər verir ki, artıq təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib.

Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək.

 

15:15

 

Yekaterinburq məhkəməsi Ayaz Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Ayaz Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

 

13:15

 

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Akif Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

 

11:26

 

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.

APA xəbər verir ki, o, 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

Məhkəmə Məzahir Səfərovu iyulun 19-na kimi həbsdə saxlayıb.

 

11:15

 

Bu gün Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub.

APA xəbər verir ki, bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovlardır.

Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.

Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev və Azərbaycan diasporunun sədri Şahin Şıxlinski də iştirak edir.

 

10:40

 

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilir.Bu barədə APA xəbər verir.

2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Yekaterinburqun Leninski Məhkəməsində keçirilən prosesdə bir neçə qətldə və adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılan azərbaycanlılar barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi müəyyən ediləcək.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.

İyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

 

19:11

 

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.

***

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.Bu barədə qurumun məbuat xidmətindən məlumat verilib.

Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin, bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.

Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.

Müraciətdə, həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

 

***

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq.

"Report"un məlumatına görə, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

 

15:50

 

Maskalı şəxslərin evimizə hücumu zamanı saxlanılan əmilərimin ikisi qətlə yetirilib, 4 nəfər isə sağdır.Bunu Oxu.Az-a açıqlamasında hadisə zamanı saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.

O bildirib ki, hadisə nəticəsində iki nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 4 nəfər isə işgəncə altındadır:

"İki əmimi öldürüblər, 4 əmim isə polisdə işgəncə altındadır. Əmilərimin birini o qədər döyüblər ki, öldü bilib morqa aparıblar. Bizə dedilər ki, Ziyəddin və Hüseyn əmimlə yanaşı, Kamal əmimi də öldürüblər. İndi xəbər gəldi ki, Kamal əmim hələ ölməyib, xəstəxanadadır. Kamal əmim ürəyindən əməliyyat olunmuşdu, ürəyində stendlər var. Onu nəfəsi kəsilənə qədər döyüblər, elə biliblər öldü. Amma indi bizə məlumat gəldi ki, hələ sağdır.

Hazırda atam Ayaz, əmilərim Məzahir, Kamal, Bakir həbsdədir. Onlar işgəncə altındadırlar".

Ramil Səfərov bildirib ki, saxlanılanlar barədə onlara heç bir məlumat vermirlər:

"Dünən səhər saat 7-də aparıblar. Dünən neçə dəfə getmişik polisə, dedilər ki, burada yoxdurlar. Vəkillə getdik, yenə dedilər ki, burada yoxdurlar. Əmim oğlanları sərbəst buraxılandan sonra bildik ki, onları polis idarəsinin 5-ci mərtəbəsində saxlayıb, işgəncə verirlərmiş, amma bizi deyirlər ki, burada yoxdurlar".

 

***

 

İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, maskalı şəxslər mənzilə hücum etdilər.Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyib.

O bildirib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar:

"Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım, gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Dedilər ki, üçə qədər sayırıq, qapını açmasanız, qıracağıq. Mən qapını açmağa macal tapmamış, qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar yerə, çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə-sürüyə gətirib "QAZel" markalı mikroavtobusda ayaq altına atdılar. Sürüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayağa qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə-sürüyə atdılar maşına. Sonra yenə "QAZel"də yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə-döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kameraya saldılar, atamı ayrı kameraya. Kameraya salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Dedim ki, mən 1997-ci il təvəllüdəm, 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən, boynuna al".

R.Səfərov deyir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər:

"Dedilər ki, ya sizi döyə-döyə öldürəcəyik, ya da Ukraynaya müharibəyə göndəririk. Mən bildirdim ki, 2018-ci ildə Rusiya vətəndaşı kimi hərbi xidmətdə olmuşam. Dedilər ki, fərqi yoxdur. Sonra yenidən başladılar bədənimizə elektrik cərəyanı verməyə.

Sonra məni qardaşımdan ayırıb, dəhlizdə uzandırdılar. Dəhlizdən keçən hər kəs məni vurub üstümdən keçirdi. Başıma, bədənimə, qarnıma təpiklə vurub keçirdilər.

Sonda məni ayağa qaldırıb dedilər ki, qol çək, səni Ukrayna döyüşlərinə göndəririk, ya orada öləcəksən, ya da polis bölməsində döyəcəyik. Sənədləşmə aparırdılar ki, məni və qardaşımı Ukrayna döyüşünə göndərsinlər. Elə bu vaxt Azərbaycanın Yekaterinburqdakı Diasporunun sədri Şahin Şıxlinski gəlib, bizi onların əlindən aldı. Yoxsa bizə qol çəkdirib Ukrayna müharibəsinə göndərəcəkdilər. Şahin müəllim danışıqlar aparıb məni və qardaşımı azad etdi. Hazırda yeriməyə çətinlik çəkirəm".

 

13:33

 

Sabah Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.Bu barədə “Report” xəbər verir.

Proses yerli vaxtla saat 11:00-a təyin olunub.

Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.

Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb kimi 2001-ci ildə törədilmiş cinayət işi göstərilir. Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. İstintaq sirri olduğundan indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı vurğulanıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

23:50

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

APA-nın məlumatına görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb,döyülmə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.Saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

***

Bu gün Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Bakir və Hüseyn Səfərovların evinə basqın edib.Bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər",- deyə Seyfəddin Hüseynli bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaxda çoban iti sakinlərə hücum edib
Cəmiyyət 23:00
Qaxda çoban iti sakinlərə hücum edib
Diasporla İş üzrə Dövlət Komitəsi saxta teleqram kanalıyla bağlı açıqlama yayıb
Cəmiyyət 22:22
Diasporla İş üzrə Dövlət Komitəsi saxta teleqram kanalıyla bağlı açıqlama yayıb
Yekaterinburqda həbs olunan azərbaycanlının vəkili danışdı - Yenilənib
Cəmiyyət 21:33
Yekaterinburqda həbs olunan azərbaycanlının vəkili danışdı - Yenilənib
Pirşağıda taxıl sahəsində yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 20:00
Pirşağıda taxıl sahəsində yanğın söndürülüb - Yenilənib
Xəzərdə meyit aşkarlanıb
Cəmiyyət 19:30
Xəzərdə meyit aşkarlanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:29
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - Video
Cəmiyyət 14:55
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - Video
Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:50
Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Tərtərdə avtomobili yanıb
Cəmiyyət 14:24
Tərtərdə avtomobili yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol