Sosial şəbəkələrdən fərqlənməyən medialar... -TƏHLİL

Böhran vəziyətndə bəzi xəbər agentlikəri və media resursları saxta xəbərlər yayaraq insanlar ararında çaşqınlıq yaradır.
Dövlət qurumları vətəndaşları saxta xəbərlərin yayılıması ilə bağlı tez-tez xəbərdarlıq edir.
Bu problem həm də aidiyyatı qurumların jurnalistlərin suallarına vaxtında cavab verməməsindən qaynaqlanır.
Bəs belə olan halda dövlət qurumları ilə komnukasiya necə olmalıdır?
Rusiya-Azərbaycan gərginliyi zamanı mətbuatda Təhsil nazirliyinin adından Azərbaycanda rus dilli məktəblərin bağlanması barədə yalan məlumat yayılıb. Bu zaman nazirliyinin operativ cavab verməməsi jurnalistlərin yalan xəbərlərin yayılmasına səbəb olub.
Milli məclisin deputatı Elman Nəsirov bildirir ki, media ilə sosial şəbəkə arasında fərq olmalıdır.
"Sosial şəbəkələr milyonlarla insanı əhatə edir və hər kəs istədiyi informasiyanı öz səviyyəsində yaya bilər. Lakin məsələ informasiya agentliklərinə gəldikdə, istənilən materialda məlumat dəqiq olmalı və rəsmi mənbələrə istinad edilməlidir. Əks halda, cəmiyyətdə dezinformasiyanın yayılması üçün münbit zəmin yaranır ki, bu da ictimai rəyə mənfi təsir göstərir. Ona görə də informasiya ilə işləmək yüksək peşəkarlıq və məsuliyyət tələb edir. Əgər informasiya yayılırsa, həmin məlumatın hansı mənbədən götürüldüyü bilinməlidir. Mənbə etibarlı olmalıdır. Biz bunun dəfələrlə şahidi olmuşuq, xüsusilə də müharibə dövründə bu məsələ ilə tez-tez rastlaşmışıq. Bilmək lazımdır ki, dezinformasiyanın yayılması hüquqi məsuliyyət yaradır və bu, qanun qarşısında cavab verməyi tələb edir. Media haqqında qanunda da bu məsələ öz əksini tapıb. Təbii ki, bu sahədə Mətbuat Şurasının da üzərinə mühüm məsuliyyət düşür," – deputat bildirib.
Media üzrə ekspert Qulu Məhərrəmlinin fikrincə, faktların dəqiqləşdirilmədən yayılması Azərbaycanda medianın ciddi problemlərindən biridir. Bu hal ya sensasiya yaratmaq, ya da başqalarını qabaqlamaq istəyindən qaynaqlanır.
“Cəmiyyət, ictimai-siyasi həyat üçün əhəmiyyətli məlumatlar mütləq dəqiqləşdirilməlidir. Xüsusilə tanınmış şəxslərlə və dövlət əhəmiyyətli məsələlərlə bağlı xəbərlər araşdırılmadan yayımlanmamalıdır. Burada faktın təsnifatından daha çox, sadə bir xəbər üçün də jurnalistikanın əsas tələblərinə əməl olunması vacibdir. Xəbəri hazırlayan və efirə buraxan şəxs onun anatomiyasını bilməli, nəyin doğru, nəyin yalan olduğunu ayırd etməlidir. Əks halda, media yalan xəbərlərlə dolacaq. Bütün bunlar peşəkarlıq məsələsidir. Əgər peşəkarlıq yoxdursa, yalan və qərəz qaçılmazdır. Əgər biz xəbər meyarlarına önəm vermiriksə, daim saxta məlumatların əsirinə çevriləcəyik”, – Məhərrəmli bildirib.
Media eksperti Seymur Kazımov isə bildirir ki, demokratik ölkələrdə media özünü tənzimləyən institutdur və bu səbəbdən əlavə nəzarətə ehtiyac yoxdur.
“Məsələ birbaşa peşəkarlıqla bağlıdır. Peşəkar media rəqabətli mühitdə fəaliyyət göstərir, auditoriyasını itirməmək üçün yayımladığı məlumatın etibarlılığını yoxlayır. Azərbaycanda isə ‘Media haqqında’ qanun medianın üzərinə inzibati öhdəliklər qoyur. Bundan əlavə, bir çox dövlət qurumu medianın suallarına vaxtında cavab vermir. Halbuki bu qurumlara qarşı nəzərdə tutulan cəza mexanizmləri mövcuddur, amma işlək deyil. Əgər bu problemlər aradan qaldırılsa, media daha dəqiq və təsdiqlənmiş məlumat verməyə maraqlı olar,” – Kazımov qeyd edib.
Kazımov əlavə edib ki, gündə 20 xəbər yayımlamayan orqanın media sayılıb-sayılmaması məsələsinə yalnız həmin media özü qərar verməlidir.
“Əgər istəsə, 21 xəbər də verə bilər. Amma bu, ona məcburi edilməməlidir. Bəzi media orqanları yalnız analitik yazılar yayımlayır. Bu o demək deyil ki, onlar media deyil”, - o bildirib.
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis İlham Məmmədov isə bildirir ki, böhran vəziyyətlərində əlaqədar qurumlar dərhal reaksiya verməli, sualları cavablandırmalıdır.
“Çox təəssüf ki, bəzi dövlət qurumlarının rəhbərləri ictimaiyyətlə əlaqələrə əhəmiyyət vermir. Əslində bu sahədə çalışan şəxslər jurnalist təcrübəsinə malik olmalıdır. Mətbuatla sıx əlaqədə olmaq vacibdir. Əgər bir qurumla bağlı neqativ hal aşkarlanırsa və informasiya sorğusu göndərilirsə, cavab vermək qanunla tələb olunur. Əgər əlavə araşdırma lazımdırsa, bu barədə qarşı tərəfə məlumat verilməlidir. Təəssüf ki, bəzən heç bir cavab verilmir və bu da həmin qurumun imicinə zərər vurur,” – Məmmədov qeyd edib.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə bildirir ki, dövlət qurumları ilə media arasında kommunikasiyanın vəziyyəti ildən-ilə pisləşir.
“Jurnalistlər ictimai maraqları təmsil edir və hər kəsin informasiya almaq hüququ var. Lakin dövlət qurumlarının mətbuat katibləri bəzən informasiya vermək əvəzinə, onu gizlətməyə çalışırlar. Onlar ya məmurlar arasından təyin olunur, ya da jurnalistlər arasından seçilib, sonra məmura çevrilirlər. Bəziləri bu vəzifəyə şəxsi maraqlar üçün gəlir və rəhbərlərinin diqtəsini yerinə yetirirlər – yəni qurumu mediadan qorumağa çalışırlar,” – Həziyev bildirib.
O əlavə edib ki, belə halların qarşısını almaq üçün media qurumları və jurnalistlər məlumatı gizlədən qurumları və onların nümayəndələrini məhkəməyə verə bilər.
“Bəli, deyəcəksiniz ki, ölkədə ədalətli məhkəmə yoxdur – bu, təəssüf ki, doğrudur. Lakin ictimai qınaq da bir yoldur. Bu sahə ilə bağlı ayrıca qanun qəbul edilə bilər. Həmin qanun çərçivəsində özəl PR şirkətlərinin inkişafına şərait yaradılmalı, dövlət və biznes subyektləri cəmiyyətlə bu vasitə ilə əlaqə qurmalıdır. Ən önəmli məsələ isə konstitusiya azadlıqlarının real həyata keçirilməsidir. Əks halda, müsbət dəyişikliklər mümkün olmayacaq,” – o vurğulayıb.
Azərbaycan Cinayət Məcəlləsinin 282-1-ci maddəsi – “Feyk xəbər yayma” – 2021-ci ildən qüvvədədir. Qanuna görə, ictimaiyyəti çaşdıra biləcək yalan məlumatların, xüsusilə media və ya internet vasitəsilə yayılması cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və ya həbs ilə nəticələnə bilər.
Beynəlxalq mediada isə “fake news” üçün universal cəza mexanizmi yoxdur, çünki media azadlığı beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Bununla belə, saxta xəbər yayan media qurumları hüquqi, reputasiya və platforma səviyyəsində cəzalandırıla bilər.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 