Şübhəli maliyyə əməliyyatlarının izlənməsi üçün yeni informasiya sisteminin yaradılması təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin yaradılması və bu istiqamətdə hüquqi və texniki məsələlərin tənzimlənməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, “Şübhəli əməliyyatların monitorinqi informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Sistem, əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədi daşıyır.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin icrası tapşırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sistemin 2018-ci il 12 sentyabr tarixli fərmanla müəyyən edilmiş dövlət informasiya ehtiyatlarının idarə olunması qaydalarına uyğun şəkildə formalaşdırılmasını təmin edəcək.
Maliyyə Monitorinqi Xidmətinə isə sistemin yaradılması, idarə olunması və təkmilləşdirilməsi, eləcə də sistemin “Hökumət buludu” (G-Cloud) Konsepsiyası çərçivəsində yerləşdirilməsi və dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların reyestrlərinə daxil edilməsi üzrə tədbirlər görmək tapşırılıb.
Yeni sistem ölkənin maliyyə təhlükəsizliyi və şəffaflığının artırılmasına yönəlmiş islahatların bir hissəsi kimi qiymətləndirilir.
Son xəbərlər
Daha çox 