ANAMA: Azad edilmiş ərazilərdə yanğınlar mina partlayışı riskini artırır

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə artan yanğın hadisələri ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Agentlikdən verilən məlumata görə, son günlərdə hava şəraitinin isti və quraq keçməsi meşə və otlaq sahələrində yanğın riskini artırıb. Eyni zamanda, bölgəyə vətəndaş səfərlərinin və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur.
ANAMA vətəndaşları bu ərazilərdə odla davranış qaydalarına ciddi riayət etməyə çağırıb. Bildirilib ki, siqaret kötüyünün yerə atılması və açıq alovdan ehtiyatsız istifadə yanğınlara və nəticədə minaların partlamasına səbəb ola bilər:
“Yüksək temperatur nəticəsində atılıb qalmış mina və partlayıcı sursatlar işə düşə bilər. Bu isə yaxınlıqda olan şəxslər üçün həyati təhlükə yaradır”.
Qurum əlavə edib ki, bəzi hallarda bitki örtüyünün yandırılması Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun texniki metod kimi tanınsa da, ANAMA tərəfindən bu üsul tətbiq edilmir.
Yanğın və ya mina təhlükəsi ilə qarşılaşan vətəndaşlara 805, 102 və ya 112 qaynar xətlərinə zəng etmək tövsiyə olunub.
“Özümüzü, yaxınlarımızı, təbiətimizi və vətən torpağını birgə qoruyaq”, – müraciətdə deyilir.