Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbərininməhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbəri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin işi üzrə məhkəmə prosesi davam edir.
Məhkəməyə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədovanın rəhbərliyi ilə keçirilən iclasda müdafiə tərəfi “GİRASOL” şirkətinin çoxsaylı müştərilərlə işlədiyini sübut edən sənədlərin işə əlavə olunmasını xahiş edib. Vəsatət təmin edilib.
İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli ittiham aktında “Mirvari” və “Şəfəq” gəzinti gəmilərinin sərnişin daşıması ilə bağlı təqdim olunan rəqəmlərin gerçəkliyi ilə ziddiyyət təşkil etdiyini bildirib.
Xüsusilə 2020-ci ildə sərt karantin və SMS icazə sisteminin tətbiqi fonunda “Mirvari” gəmisinin guya 13 min sərnişin daşıması şübhə doğurur.
Vəkil əlavə edib ki, 2022-ci ildən suyun səviyyəsinin aşağı düşməsi səbəbindən bu gəmilərin fəaliyyəti dayandırılıb.
Məhkəmə zərərçəkən tərəfdən bu dövr üzrə rəsmi məlumatları təqdim etməyi tələb edib, digər sorğuların göndərilməsi ilə bağlı qərarı isə təxirə salıb.
Məhkəmədə son çıxış edən İlqar Mustafayev özünü təqsirsiz elan edərək illərlə Bakının simvolu olan bulvara rəhbərlik etdiyini və ittihamların mənəvi sınaq olduğunu bildirib.
Növbəti məhkəmə iclası avqustun 18-ə təyin edilib.
N.Təbrizli