Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış İşçi qrupun növbəti onlayn iclası keçirilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
İclasda 1958-ci ildən istismarda olan, uzunluğu 172,4 km, normal su sərfi 113 m³/san olan Qarabağ suvarma kanalının mövcud vəziyyəti və yenidən qurulmasının zəruriliyi müzakirə olunub.
Agentliyin rəsmisi Rafiq Aslanov bildirib ki, kanal Mingəçevir su anbarından başlayaraq 1 şəhər və 8 rayonda 115 min hektara yaxın əkin sahəsini suvarma, əhalini isə içməli su ilə təmin edir. Yay aylarında Araz çayındakı su çatışmazlığı dövründə 25-30 m³/san su Bəhramtəpə hidroqovşağına ötürülür, bu da əlavə 5 rayonda su təminatının yaxşılaşdırılmasına şərait yaradır.
Bildirilib ki, kanaldan sızan sular torpaqaltı suların səviyyəsini artıraraq ərazilərin şorlaşmasına səbəb olub. Bunun qarşısını almaq məqsədilə kollektor-drenaj şəbəkəsi yaradılıb.
İclasda layihənin texniki-iqtisadi əsaslandırması və alternativ variantlar təqdim olunub, iştirakçıların rəy və təklifləri dinlənilib. Görülən işlərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın təkmilləşdirilməsi qərara alınıb.