Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

Mobil operator müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlardan üstün nəticələr əldə edib
2025-ci ilin ilk altı ayı ərzində “Azercell Telekom”un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb. Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin “Facebook”, “Instagram”, “LinkedIn”, “X” və “TikTok” sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minə yaxın müraciəti emal edib.
Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da 6-7 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları və digər xidmətləri əhatə edib.
Azercell-in Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan “Aicell” də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84%-in sorğusu “Aicell” tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxil olmuş zənglərin 17%-ni müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib.
Ötən ilin dekabr ayında “Azercell” mobil tətbiqində istifadəyə verilən “AI Chat Bot” isə istifadəçilərin istəklərini 90% dəqiqliklə anlayaraq onların 68%-ni birbaşa cavablandırıb.