Azərbaycanda hiss olunan zəlzələ ilə bağlı dağıdıcı təkan ehtimalı yoxdur – RSXM

Ötən gecə Azərbaycanda hiss olunan zəlzələ ilə bağlı təlaşa düşməyə ehtiyac yoxdur. Bu barədə “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında Dağıstanda baş verən 5,3 maqnitudalı zəlzələnin ocağı 66 km dərinlikdə yerləşib və bu səbəbdən Azərbaycanda da hiss olunub. "Təki həmişə belə dərin və dağıdıcı olmayan zəlzələlər olsun", – Yetirmişli bildirib.
RSXM-nin məlumatına əsasən, təkanlar Azərbaycanda 3–4 bal gücündə hiss olunub. Zəlzələ Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı, Sumqayıt və digər bölgələrdə qeydə alınıb.
Mərkəz rəhbəri əlavə edib ki, ölkədə dağıdıcı zəlzələ gözlənilmir və regionda hər gün qeydə alınan təkanlar seysmik baxımdan normal haldır.
Gülnar