• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021061
  • ₺ 0.0414
  • £ 2.2874

Qazaxıstan və Azərbaycan kənd təsərrüfatı əməkdaşlığını dərinləşdirir - Analiz

Qazaxıstan və Azərbaycan kənd təsərrüfatı əməkdaşlığını dərinləşdirir - Analiz
27.08.2025 15:25

2025-ci ilin ilk beş ayında Qazaxıstan Azərbaycana 95 milyon dollar dəyərində 450 min ton taxıl ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86 faiz çoxdur. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib. 

Analitiklər hesab edirlər ki, bu artım həm Azərbaycanın sabit taxıl idxalına olan tələbatının yüksəlməsi, həm də Qazaxıstanın Xəzər dənizi vasitəsilə ixrac marşrutlarını şaxələndirmək səylərini əks etdirir.

2025-ci ilin əvvəlində Qazaxıstan Azərbaycanın ən iri taxıl təchizatçısına çevrilib. Bu fakt iki Xəzəryanı qonşu ölkə arasında kənd təsərrüfatı və aqrosənaye əməkdaşlığının artan əhəmiyyətini göstərir.

Taxıl əsas məhsul olaraq qalmaqla yanaşı, iki ölkə arasında kənd təsərrüfatı ticarəti də genişlənib. Qazaxıstan Azərbaycana buğda, arpa və yağlı bitkilər ixrac edir, azərbaycanlı istehsalçılar isə Qazaxıstan bazarına meyvə, tərəvəz, şərab məhsulları və emal olunmuş qida məhsulları göndərirlər. Bu qarşılıqlı tamamlayıcılıq hər iki ölkəyə birtərəfli asılılıqdan yayınmağa və ərzaq təhlükəsizliyi siyasətini gücləndirməyə imkan verib.

Azərbaycan çörək və yem bazarında qiymətlərin sabitləşdirilməsi üçün etibarlı taxıl təchizatına çalışır. Qazaxıstan isə Rusiya və Çin xaricində istehlak bazarlarına çıxış əldə etməyə ehtiyac duyur. Beləliklə, bu ticarət oxu qarşılıqlı faydalı xarakter daşıyır.

Rəsmi şəxslər və sahə nümayəndələri logistikanın rolunu xüsusi vurğulayırlar. Transxəzər beynəlxalq nəqliyyat dəhlizi – “Orta Dəhliz” – Qazaxıstanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas arteriyaya çevrilib. Bu dəhliz sayəsində yüklər Xəzər dənizi ilə Bakıya, ordan isə dəmir yolu ilə Türkiyə və Avropaya daşınır.

Azərbaycan şirkətləri Qazaxıstanda taxıl terminallarına və logistika mərkəzlərinə sərmayə qoymaq imkanlarını araşdırır, qazaxıstanlı investorlar isə Azərbaycanda istixana təsərrüfatı və emal müəssisələri layihələri ilə maraqlanırlar. Hər iki tərəf nəqliyyat xərclərinin azaldılması və regionda səmərəliliyin artırılması üçün multimodal habların, soyuducu stansiyaların və qida sənayesi müəssisələrinin birgə maliyyələşdirilməsini nəzərdən keçirir.

Un dəyirmançılığı, yem istehsalı və soyuducu anbarlar sahəsindəki birgə müəssisələr Qazaxıstana dünya bazarlarına daha etibarlı çıxış verəcək, eyni zamanda Azərbaycanın aqrosənaye bazasını gücləndirəcək.

Ticarət və sərmayədən əlavə, tərəfdaşlıq getdikcə kənd təsərrüfatı biliklərinin mübadiləsinə əsaslanır. Qazaxıstanın iri miqyaslı mexanikləşdirilmiş əkinçilik və toxumçuluq sahəsində təcrübəsi Azərbaycan üçün maraq doğurur. Bakı isə öz növbəsində suvarma texnologiyaları, istixana təsərrüfatı və subtropik bağçılıq üzrə bilikləri ilə qazaxıstanlı istehsalçılara kənd təsərrüfatı məhsullarının şaxələndirilməsində yardımçı ola bilər.

Hər iki ölkənin kənd təsərrüfatı universitetləri və tədqiqat institutları təhsil proqramları, texnologiya transferi təşəbbüsləri və pilot layihələr üzərində işləyirlər. Rəsmi şəxslər həmçinin istehsal, emal və logistikanı birləşdirən Qazaxıstan–Azərbaycan aqrosənaye alyansının yaradılması imkanını müzakirə ediblər.

Taxıl ticarətinin artması qısamüddətli faydaları göstərir. Lakin ekspertlər hesab edirlər ki, uzunmüddətli potensial xammal ixracının hüdudlarını aşaraq birgə infrastrukturun və yüksək əlavə dəyərli məhsul istehsalının inkişafında gizlənir. Qazaxıstan üçün Azərbaycan Aralıq dənizi və Avropa bazarlarına çıxış imkanları açır. Azərbaycan üçün isə bu tərəfdaşlıq ərzaq təminatını möhkəmləndirməklə yanaşı, sərmayələrin cəlb olunmasına və ölkənin logistika mərkəzi rolunun güclənməsinə xidmət edir.

Mövcud geosiyasi şəraitdə kompleks aqrosənaye tərəfdaşlığı qurmaq təkcə iqtisadi seçim deyil, həm də strateji zərurətdir.

Hər iki ölkə daxili ərzaq təhlükəsizliyi ilə regional ambisiyalar arasında balans tapdıqca, onların kənd təsərrüfatı əməkdaşlığı Avrasiya ticarətində və logistikasında daha böyük rol oynayacaq.

Akif Nasirli, iqtisadçı, kənd təsərrüfatı üzrə ekspert anews.az-a açıqlamasında bildrib ki, Azərbaycan istehlak etdiyi taxılın yarıdan çoxunu idxal edir və bu idxalın 90 faizdən çoxu Rusiyanın payına düşür. 


"Bu vəziyyət 2022-ci ildən sonra formalaşdı – həmin vaxt dünya bazarında taxıl qiymətləri kəskin bahalaşdı, Rusiya taxılı isə əksinə, ucuzlaşdı. Həmin dövrdə Bakı Ukrayna taxılının idxalını dayandırdı və Qazaxıstandan gətirilən miqdarı azaltdı. Lakin bir mənbədən asılılıq çox risklidir: ixrac-idxal əməliyyatlarında birtərəfli bağlılıq həmişə zəiflik yaradır. Buna görə də qiymət üstünlüyünə baxmayaraq, Azərbaycan təchizatını şaxələndirməli və digər ölkələrlə əməkdaşlığı inkişaf etdirməlidir", -  ekspert qeyd edib.

İqtisadçı  hesab edir ki, bu kontekstdə Qazaxıstandan taxıl alışının artırılması xüsusi əhəmiyyət kəsb edir. 

"İki ölkə arasında iqtisadi münasibətlər ənənəvi olaraq tərəfdaşlıq xarakteri daşıyır və ehtimal var ki, Qazaxıstan Azərbaycana taxıl ixracında güzəştli şərtlər təklif etsin", - o bildirib. 

Onun sözlərinə görə, bununla yanaşı, ciddi bir çağırış da qalır – yüksək logistika xərcləri.

"Qazaxıstanın əsas əkin sahələri Kostanay və Rusiyayla sərhəd bölgələrində yerləşir ki, bunlar Xəzərdən uzaqdır. Azərbaycana taxılın dəmir yolu və avtomobil yolları ilə daşınması böyük vəsait tələb edir.Azərbaycanın taxıl idxal edən ölkə olması ilə bağlı müvafiq infrastrukturun – taxıl terminalları və soyuducu güclərin inkişafı mühüm rol oynayır. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılıb. Belə ki, Hövsanda Qazaxıstanla birgə inşa edilmiş taxıl terminalı fəaliyyət göstərir. Lakin həmin dövrdə Qazaxıstanda istehsalın azalması səbəbindən Azərbaycana göndərişlər azaldı və terminal əsasən daxili tələbat üçün istifadə olunmağa başladı", - ekspert bildirib. 

Ümumilikdə ekspertlər hesab edirlər ki, Qazaxıstan və Azərbaycan arasında aqrosənaye alyansının formalaşma perspektivi var. Burada ticarət birgə logistika infrastrukturu və emal sahəsindəki ortaq müəssisələrlə dəstəklənəcək. Onların fikrincə, bu, Azərbaycanın ərzaq təchizatını şaxələndirməklə yanaşı, Qazaxıstana da Xəzər üzərindən dünya bazarlarına daha etibarlı çıxış təmin edəcək. Mövcud geosiyasi şəraitdə belə bir tərəfdaşlıq həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.

 Qazaxıstanın milli iqtisadiyyat naziri, baş nazirin müavini Serik Jumanqarin bundan əvvəl bildirib ki, Qazaxıstan Azərbaycana, İrana və bir sıra digər ölkələrə taxıl tədarükünü kəskin artırıb.

2024-cü ilin sentyabrından 2025-ci il avqustun 10-dək Azərbaycana ixrac 121 dəfə artaraq 728 min tona çatıb, – o, brifinqdə deyib.

Azərbaycandakı rəsmi statistikaya görə ölkə ərazisində sahələrdən 2,2 milyon tondan çox taxıl yığılıb. 

Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 

Tatyana Kryuçkina

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
Cəmiyyət 18:30
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
Bayramov Fransanın səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib
Cəmiyyət 17:33
Bayramov Fransanın səfirini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib
MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb
Cəmiyyət 17:27
MİQ üzrə vakansiya seçimində 1300-dən çox namizəd uğur qazanıb
DOST Mərkəzində yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:02
DOST Mərkəzində yanğın söndürülüb - Yenilənib
Azərbaycanda gənclər arasında xərçəng hallarının sayı artır
Cəmiyyət 16:28
Azərbaycanda gənclər arasında xərçəng hallarının sayı artır
Azərbaycanın alma, armud və heyva ixracı 53,6% artıb
Cəmiyyət 16:06
Azərbaycanın alma, armud və heyva ixracı 53,6% artıb
İKTA-ya dövlət büdcəsindən ayrılan vəsait 2,5 milyon manata çatıb
Cəmiyyət 15:46
İKTA-ya dövlət büdcəsindən ayrılan vəsait 2,5 milyon manata çatıb
Qazaxıstan və Azərbaycan kənd təsərrüfatı əməkdaşlığını dərinləşdirir - Analiz
Cəmiyyət 15:25
Qazaxıstan və Azərbaycan kənd təsərrüfatı əməkdaşlığını dərinləşdirir - Analiz
Azərbaycanda 7 ayda sahibkarlıq fəaliyyəti üzrə 1000-dən çox lisenziya verilib
Cəmiyyət 15:12
Azərbaycanda 7 ayda sahibkarlıq fəaliyyəti üzrə 1000-dən çox lisenziya verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol