“Atena” kərə yağı ilə bağlı yayılan iddialar təsdiqlənməyib - AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə “Atena” kərə yağı ilə bağlı yayılan görüntülərin araşdırıldığını, lakin təsdiqini tapmadığını açıqlayıb. Bu barədə qurumdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
Agentliyin məlumatına görə, Bakıdakı “Tamstore” daxil olmaqla ticarət şəbəkələrində aparılan monitorinqlər zamanı iddialar sübuta yetməyib. Bununla belə, uyğunsuzluq aşkarlanan partiya şirkət tərəfindən satışdan çıxarılıb.
"Sosial şəbəkələrdə “Atena” kərə yağları ilə bağlı yayılan görüntülər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülərək müvafiq araşdırmalar aparılıb.Bu məqsədlə Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri üzrə ticarət şəbəkələrində, o cümlədən “Tamstore” marketlərində monitorinqlər aparılıb. Baxış zamanı həmin kadrlarda əks olunan hal təsdiqini tapmayıb. Lakin araşdırma zamanı o da məlum olub ki, uyğunsuzluq aşkarlanan həmin kərə yağları şirkət tərəfindən satışdan kənarlaşdırılıb",- açıqlamada deyilir.
Qurum bildirir ki, bu cür halların təkrarlanmaması üçün qida subyektləri daxili izləmə sisteminə malik olmalı və məhsulların izlənilməsini həyata keçirməli, həmçinin qida məhsullarının düzgün şəraitdə və temperaturda saxlanılmasına diqqət etməlidir
AQTA həm istehsalçı müəssisədə, həm də satış məntəqələrində saxlama şəraitinə nəzarətin davam etdirildiyini, standartlara cavab verməyən məhsulların isə dövriyyədən kənarlaşdırıldığını vurğulayıb.
İstehlakçılara qida sahəsində rastlaşdıqları halları sübutlarla birlikdə “1003 – Çağrı Mərkəzi”nə bildirmələri tövsiyə olunub
Gülnar