Elm və Təhsil Nazirliyi media və kommunikasiya strukturunu yenidən təşkil edib

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. Yeni təşkilati modelə əsasən, şöbə daxilində iki yeni sektor — Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb. Bu barədə “Azərbaycan müəllimi” qəzeti məlumat yayıb.
Yeni struktur çərçivəsində:
Rəqəmsal kommunikasiya və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbə müdirinin müavini Ayla Həsənova-Məmmədovaya həvalə olunub;
Media ilə iş sektorunun müdiri vəzifəsinə isə şöbənin baş məsləhətçisi Billurə Hacızadə təyin edilib.
Nazirlik bildirir ki, struktur dəyişikliyi media və tərəfdaş qurumlarla əlaqələrin gücləndirilməsi, rəqəmsal platformalarda fəaliyyətin səmərəliliyinin artırılması və ictimaiyyətin nazirliyin fəaliyyəti barədə operativ məlumatlandırılması məqsədi daşıyır. Yeni sektoral yanaşma həmçinin tabe qurumların media fəaliyyətinin koordinasiyasını və rəqəmsal media strategiyalarının tətbiqini də əhatə edir.