Avqust ayında Azərbaycanda 39 kiberhücum indikatoru müəyyən edilib

Bu ilin avqust ayında Azərbaycanda 39 kiberhücum indikatoru aşkar edilib və bloklanıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Qurumun məlumatına görə, bu indikatorların vaxtında müəyyən olunması nəticəsində dövlət qurumlarına qarşı yönəlmiş APT (Advanced Persistent Threat) tipli xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb.
Hesabat dövründə:
“AzStateNet” şəbəkəsi üzrə 31,76 milyon zərərli keçid,
“Sandbox” mühafizə sistemi vasitəsilə 8 408 zərərverici tərkibli sənəd,
Mərkəzləşdirilmiş təhlükəsizlik sistemi vasitəsilə 2,85 milyon zərərli fəaliyyət bloklanıb.
Bundan əlavə, dövlət qurumlarının domenlərinə vizual və struktur baxımından bənzədilmiş iki saxta domen aşkarlanaraq fəaliyyətləri dayandırılıb.