Aİ-nin kiberdavamlılıq layihəsi çərçivəsində Azərbaycanda idarəetmə və infrastruktur gücləndiriləcək

Avropa İttifaqının maliyyələşdirdiyi “Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda və Moldovada idarəetmənin təkmilləşdirilməsi, kritik infrastrukturun müdafiəsi üzrə çərçivələrin inkişafı və əməliyyat dayanıqlığının artırılması nəzərdə tutulur. Bu barədə Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi və layihənin qrup rəhbəri Elza Neeme Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin VI Zirvə toplantısında çıxışı zamanı bildirib.
Elza Neemenin sözlərinə görə, layihənin əsas məqsədləri aşağıdakılardır:
İdarəetmənin gücləndirilməsi – xüsusilə Azərbaycan və Moldovada dövlət kibertəhlükəsizlik strukturunun möhkəmləndirilməsi, kritik infrastrukturun mühafizəsi – çərçivə və simulyasiya təlimlərinin təşkili ilə mövcud risklərə qarşı davamlılığın artırılması, dayanıqlıq və əməliyyat imkanlarının artırılması – sərhədlərarası təhdidlərə cavab verə bilən ekspert icmalarının formalaşdırılması.
Layihə çərçivəsində 2025-ci ildə keçiriləcək kibermüharibə simulyasiya təlimlərinə hazırlıq məqsədilə bu ilin oktyabrında Azərbaycanda tədbirlər keçiriləcək. Həmin ayın 11-də isə “Kiberdə qadınlar” konfransının təşkil olunacağı planlaşdırılır.
Elza Neeme həmçinin bildirib ki, layihə çərçivəsində aşağıdakılar da nəzərdə tutulur:
risklərin qiymətləndirilməsi və insidentlərin idarə olunması üzrə təlimlər,sektoral və milli CSIRT-lərin (Computer Security Incident Response Team) prosedurlarının təkmilləşdirilməsi,uşaqlar və həssas qruplar üçün maarifləndirmə təşəbbüslərinə dəstək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov tədbirdə çıxışı zamanı Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkür edib. O bildirib ki, əməkdaşlıq nəticəsində kibertəhlükəsizlik sahəsində institusional potensialın artırılması, qabaqcıl təcrübələrin tətbiqi və davamlı təcrübə mübadiləsi həyata keçiriləcək.
Gülnar