Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişir – Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 10-u günün ikinci yarısından etibarən həftəsonuna qədər respublika ərazisində güclü külək, leysan xarakterli yağışlar, bəzi dağ çaylarında qısamüddətli sel, həmçinin şimşək müşahidə olunacaq.
FHN bu səbəbdən vətəndaşlara aşağıdakı təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edir:
Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən və elektrik dirəklərindən uzaq durmaq;
Açıq alovla davranışa diqqət yetirmək, xüsusilə küləkli havada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, açıq məkanda metal obyektlərdən və hündür ağaclardan uzaq durmaq, eləcə də avtomobildə olarkən hərəkəti dayandırıb şüşələri bağlamaq tövsiyə olunur.
Nazirlik vətəndaşları hava proqnozlarına diqqət yetirməyə və zərurət olmadıqca açıq havada olmamağa çağırır.
Son xəbərlər
