Həkim səhlənkarlığa görə cəzalandırılıb

Saatlı Rayon Məhkəməsi Saatlı Mərkəzi Rayon Xəstəxanasının keçmiş ginekologiya və doğum şöbəsinin müdiri Kənul Xudatovanı körpənin ölümü ilə nəticələnən səhlənkarlığa görə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Ona həmçinin 1 il müddətinə dövlət və özəl tibb müəssisələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq kimi çalışmaq qadağan olunub.
İş 2023-cü ilin iyulunda 20 yaşlı Aysel İbrahimovanın dünyaya gətirdiyi qız uşağının ölümü ilə bağlı idi. İstintaq müəyyən edib ki, qan analizi, kardiotokoqrafiya, USM kimi zəruri prosedurlar aparılmayıb. Körpə Sabirabad Mərkəzi Rayon Xəstəxanasının perinatal mərkəzinə köçürülsə də, ürək-ağciyər çatışmazlığından ölüb.
Xudatova özünü təqsirli bilmədiyini və bəraət aldığını iddia edib.
Son illərdə Azərbaycanda xüsusən bölgələrdə səhiyyə xidmətlərinin keyfiyyəti ilə bağlı tənqidlərin artması fonunda həkim səhlənkarlığı işləri məhkəmələrdə daha çox qaldırılır.
Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ehtiyatsızlıqdan ölümə və ya ağır nəticələrə səbəb olan səhlənkarlığa görə məsuliyyət nəzərdə tutur.
N.Təbrizli