İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudu Krallığın Milli Bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib.
Təbrik məktubunda Prezident Əliyev iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyini vurğulayıb. O, xüsusilə energetika sektorunda "ACWA Power" şirkətinin Azərbaycanda həyata keçirdiyi bərpaolunan enerji layihələrinə diqqət çəkib.
Qeyd olunur ki, hazırda Azərbaycanın Xızı-Abşeron bölgəsində Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının tikintisi davam edir. Layihənin gücü 240 MVt təşkil edir və bu, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsində mühüm addım sayılır.
Əliyev, həmçinin, iqtisadiyyat, ticarət, sənaye, investisiya, yaşıl enerji və “OPEC+” çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Prezident beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iki ölkə arasında sıx əməkdaşlığın davam etdiyini bildirib və 2026-cı ildə İƏT-in Zirvə Görüşünün Bakıda keçiriləcəyini xatırladıb.