Bu yol region üçün strateji rol oynayır - ADY rəhbəri

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyatda strateji rol oynayır, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “New Silk Way” beynəlxalq forumunda bildirib.
Onun sözlərinə görə, BTQ və Zəngəzur dəhlizinin inteqrasiyası regionun tranzit imkanlarını genişləndirəcək və ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.
Rüstəmov qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında Orta Dəhliz vasitəsilə Çindən 296 blok-qatar qəbul olunub, onların 113-ü tranzit qatarıdır. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 213 qatarla müqayisədə əhəmiyyətli artım deməkdir.
Fevralda Bakı Limanının ADY-yə birləşdirildiyini xatırladan sədr, bunun yükdaşımaların sürətini və rəqabət qabiliyyətini artırdığını, tranzit müddətini və əlavə xərcləri azaltdığını vurğulayıb.
Forum çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu rəhbərləri Trans-Xəzər marşrutu üzrə darboğazların aradan qaldırılmasına dair Yol Xəritəsi imzalayıblar.
Sənəd infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkibinin yenilənməsi və üç ölkə arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.
Gülnar
Son xəbərlər
Daha çox 