TƏBİB-in əməkdaşı əri tərəfindən bıçaqlanıb

Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanaya yerləşdirilib.Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.
“Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.
Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.
Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə O, bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək”, - o qeyd edib.
***
Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü açıqlayıb.
Son xəbərlər
Daha çox 