2025-ci il kiberhücumların iqtisadi dəyəri 10 trilyonu ötəcək - Nazir müavini

Beynəlxalq analitiklərin hesablamalarına əsasən, 2024-cü ildə qlobal kiberhücumların iqtisadi zərəri 8 trilyon ABŞ dollarını ötüb, 2025-ci ildə bu rəqəmin 10 trilyonu keçəcəyi proqnozlaşdırılır.Bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, rəqəmsal iqtisadiyyat Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas drayverə çevrilir və bu proses əmək məhsuldarlığını, resurs səmərəliliyini və məşğulluğu artırır.
Əliyev qeyd edib ki, Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10 faiz artım ÜDM-də 1–1,5 faiz artıma gətirib çıxarır.
Onun sözlərinə görə, bu artım yalnız etibarlı və təhlükəsiz rəqəmsal mühit şəraitində mümkündür.
“Kibertəhlükəsizliyə artan xərcləri təkcə texnoloji kateqoriya kimi deyil, iqtisadi dayanıqlığa yönəlmiş sərmayə kimi qiymətləndirməliyik,” — Əliyev vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycanda rəqəmsal hökumətə və rəqəmsal iqtisadiyyata keçidi təmin edən lokal və beynəlxalq informasiya sistemlərinin inteqrasiyası nəzərə alınmaqla, rəqəmsal təhlükəsizlik və kadr potensialının inkişafı iqtisadi təhlükəsizliyin vacib tərkib hissəsidir.
Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir. Konfransda daxili işlər naziri Vilayət Eyvazov və bir sıra rəsmilər iştirak edir.
Gülnar Nazimqızı