Bakı metrosu maaşların ödənilməməsi iddialarına aydınlıq gətirib

"Bakı Metropoliteni" QSC işçilərinin əmək haqlarının ödənilməməsi barədə son vaxtlar yayılmış məlumatlara münasibət bildirib.
Qurumdan verilən açıqlamasında deyilir ki, maaşlar Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əmək haqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam ödənilib. Bu zaman əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğunluq təmin olunur.
Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, bu ildən minimum əmək haqqı 400 manat müəyyən edilib. Sözügedən Sərəncamın icrasından irəli gələrək, Bakı metrosu yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirib, minimum əmək haqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların maaşına tətbiq edilib. Hazırda metroda əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.
Əmək haqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlirlər və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyil.
Əmək haqqı məbləğlərinə dair hər hansı dəyişiklik və yaxud yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq.