Rusiya kiberhücularının 80% kənar ölkələrə yönəlib

Rusiya kibermüharibəni yalnız Ukraynaya deyil, həm də Avropa İttifaqı və NATO ölkələri də daxil olmaqla tərəfdaş dövlətlərə qarşı aparır. Bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk deyib.
Onun sözlərinə görə, DDoS hücumlarının cəmi 20%-i Ukraynaya, 80%-i isə digər ölkələrə yönəlib.
“Bu sahədə Ukraynanın üstünlüyü ondadır ki, biz düşmənimizi tanıyırıq, əks-hücum edə biləcək insan resursumuz var və beynəlxalq humanitar hüquqa əsasən, proaktiv kibermüdafiə həyata keçirmək üçün hüquqi əsaslarımız mövcuddur. Digər ölkələrin isə belə imkanları yoxdur və bu, ciddi problemdir,” – Tkaçuk Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, mövcud vəziyyət beynəlxalq əməkdaşlıq paradiqmasının dəyişməsini tələb edir.
“Biz beynəlxalq tərəfdaşlığa açığıq, təcrübəmizi paylaşmağa və təlimlər keçirməyə hazırıq. Hazırda Ukraynada beynəlxalq kibertəhlükəsizlik mərkəzinin yaradılmasına start vermişik,” – Tkaçuk əlavə edib.
Gülnar Nazimqızı