Qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası varmı?

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyaya malik olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) araşdırma aparır. Bu barədə qurumdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
AYNA-nın məlumatına görə, sözügedən məsələ ilə bağlı araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.
"Hadisəni törədən şəxs barədə dolğun məlumat olmadığından taksi sürücülərinin etik-davranış qaydalarına dair təlimlərdə iştirak edib-etmədiyi və taksi fəaliyyəti üçün icazəsinin olub-olmadığı məlum deyil", - məlumatda qeyd olunub.
Hadisə oktyabrın 20-də Bakının Yasamal rayonu ərazisində baş verib. Bu barədə dərhal açıqlama Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, Yasamal ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyi üçün saxlanılıb və müvafiq qərarla həbs edilib.
Daxili İşlər Nazirliyinin məlumatında hadisəni törədən şəxsin şəxsiyyəti və avtomobilin dövlət nömrə nişanı açıqlanıb.
AYNA açıqlamasına görə, sürücülər peşəkarlıq səviyyələrini yüksəltmək üçün xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirmək hüququ qazanırlar.
"Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür. Həyata keçirilən mütəmadi monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır",- məlumatda bildirilib.
İndiyə kimi 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub.
Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində hadisəni törədən şəxsin kimliyi barədə dolğun məlumat olmadığına görə, sürücünün etik-davranış təlimlərində iştirak edib-etmədiyi hələlik müəyyənləşdirilməyib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 