Uşağa qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsünün lisenziyası olubmu? - YENILƏNİB

(AYNA-nın təqdim etdiyi yeni məlumatlar əlavə edilib)
Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü lisenziyaya malik olub və bu icazə ya “Lisenziyalar və icazələr haqqında” Qanunda müəyyən edilən qaydalar, ya da məhkəmə qərarı ilə ləğv ola bilər. Bu barədə qurumdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
" Sözügedən şəxs taksi fəaliyyəti göstərmək üçün müvafiq sənədlərə sahibdir. İcazələrin ləğvi “Lisenziyalar və icazələr haqqında” Qanunla müəyyən edilir. Həmçinin məhkəmənin qərarı əsasında da bu cür icazələr ləğv edilə bilər", - qurumdan daxil olan məlumatda bildirilib.
AYNA-nın məlumatına görə, sözügedən məsələ ilə bağlı araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.
Hadisə oktyabrın 20-də Bakının Yasamal rayonu ərazisində baş verib. Bu barədə dərhal açıqlama Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, Yasamal ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyi üçün saxlanılıb və müvafiq qərarla həbs edilib.
Daxili İşlər Nazirliyinin məlumatında hadisəni törədən şəxsin şəxsiyyəti və avtomobilin dövlət nömrə nişanı açıqlanıb.
AYNA açıqlamasına görə, qurum sürücülərin peşəkarlıq səviyyələrini yüksəltmək üçün onları xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb edir və imtahan əsasında şəhadətnamələr təqdim edir. Daha sonra sürücülər sərnişindaşımaları həyata keçirmək hüququ qazanırlar.
"Sərnişindaşıma qaydalarını pozan sürücülərə qarşı mütəmadi tədbirlər görülür. Həyata keçirilən monitorinqlər və vətəndaşların şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində pozuntu aşkar olunduqda, sürücülər xidmətdən kənarlaşdırılır", - məlumatda bildirilib.
İndiyə kimi 58600-ə yaxın şəxs AYNA-nın təşkil etdiyi təlimlərə cəlb olunub.
Aytac Zeynalova