Bakı metrosunda tələbə kartı ilə ödəniş sistemi test rejimində işə salınıb
Bakı metrosunda ilk dəfə olaraq tələbələrin tələbə kartları vasitəsilə təmassız ödəniş sistemi test rejimində istifadəyə verilib.
“Bakı Metropoliteni” QSC-dən “Azedu”ya bildirilib ki, layihə “BakıKart” operatoru ilə birgə pilot mərhələdə həyata keçirilir. İlkin sınaqlar “Kapital Bank”ın tələbə kartları üzərindən aparılır və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri prosesə cəlb olunub.
Qurumdan qeyd olunub ki, balansı olmayan kartlardan istifadə zamanı sistem kartı bloklaya bilər, buna görə tələbələrə yalnız balanslı kartlardan istifadə tövsiyə olunur.
Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova “Bizim.Media”ya açıqlamasında bildirib ki, “TələbəPlus” kartı eyni zamanda bank kartı funksiyasına malikdir:
“Hazırda metropolitenlərdə aparılan sınaq mərhələsi bank kartları vasitəsilə təmassız ödəniş sisteminin tətbiqi ilə bağlıdır. Kartların ictimai nəqliyyata inteqrasiyası mərhələli şəkildə həyata keçirilir.”
Fond nümayəndəsi əlavə edib ki, tələbələr üçün endirim və güzəştlərin müəyyən edilməsi Tarif Şurasının səlahiyyətinə daxildir və ictimaiyyət prosesin gedişi barədə mütəmadi olaraq məlumatlandırılacaq.