ETX“WhatsApp” hesablarına girişlə bağlı xəbərdarlıq edib
Azərbaycanda son həftələrdə “WhatsApp” hesablarına icazəsiz giriş cəhdlərinin sayı artıb. Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Qurumun bildirdiyinə görə, kiberdələduzlar tanış və ya naməlum nömrələrdən göndərilən şübhəli keçidlər vasitəsilə vətəndaşlara SMS ilə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.
ETX-in məlumatına əsasən, istifadəçilər bu kodları paylaşdıqda onların “WhatsApp” hesabları oğurlanır, daha sonra dələduzlar həmin hesablar vasitəsilə zərərçəkənlərin yaxınlarına saxta mesajlar göndərərək pul və şəxsi məlumat əldə etməyə cəhd edirlər.
Qurum bu halların qarşısını almaq üçün vətəndaşlara bir sıra təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib. Bunlara tanımadıqları nömrələrdən gələn linkləri açmamaq, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək, OTP kodlarını paylaşmamaq və “WhatsApp” ayarlarında ikimərhələli təsdiqləməni aktivləşdirmək daxildir.
ETX həmçinin profil məlumatlarını yalnız kontaktlara görünəcək şəkildə məhdudlaşdırmağı və texnologiyadan az istifadə edən, xüsusilə yaşlı şəxsləri bu cür fırıldaqçılıqlar barədə məlumatlandırmağı məsləhət görür.