Azərbaycanda “WhatsApp” hesablarının oğurlanması halları artıb
Azərbaycanda son vaxtlar “WhatsApp” istifadəçilərinin hesablarına qanunsuz daxil olma cəhdləri artıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, kibirdələduzlar saxta və ya tanımadıqları nömrələrdən göndərilən keçidlər vasitəsilə istifadəçilərin SMS-lə aldıqları təsdiq (OTP) kodlarını ələ keçirməyə çalışırlar.
Bu kodlar onların əlinə keçdikdə, hesablar ələ keçirilir və dələduzlar həmin şəxsin adından tanışlarına yazaraq pul və ya şəxsi məlumat almağa cəhd göstərirlər.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib: naməlum keçidlərə daxil olmamaq, OTP kodlarını heç kimlə paylaşmamaq, iki mərhələli təsdiqləməni aktivləşdirmək və şübhəli hallarda “WhatsApp” dəstəyinə müraciət etmək tövsiyə olunur.
N.Təbrizli