Bakı bazarında kolbasa məhsullarında at əti aşkarlanıb
Nizami rayonunda yerləşən “Kəngərli” bazarında satılan kolbasa və ət məhsullarında at DNT-si aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ət məhsullarının nümunələri mikrobioloji göstəriciləri və tərkibin mənşəyinin yoxlanılması üçün laboratoriyaya göndərilib.
Nəticədə, dana əti basdırması məhsulunda at əti DNT-si müəyyən olunub. AQTA əməkdaşları Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama aparıblar.
Baxış zamanı aşağıdakı pozuntular aşkar edilib:
Obyekt qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib, satışa çıxarılan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin etiket məlumatları və müvafiq sənədləri qanunvericiliyə uyğun olmayıb, “Nemiroff” araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktı mövcud olmayıb, pendir və dana əti basdırması məhsulları soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanılıb, dondurucu və soyuducuda mal qonşuluğu prinsipi pozulub.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb edilib.