BŞİH: Qarlı hava ilə bağlı texnikalar tam hazır vəziyyətə gətirilib
Bakı Şəhər İcra Hakimiyyəti qış mövsümünə hazırlıq çərçivəsində paytaxt rayonlarında təsdiqlənmiş tədbirlər planları üzrə işləri tamamlayıb. Şəhər və rayon kommunal xidmətlərinin bütün xüsusi təyinatlı texnikası hazır vəziyyətə gətirilib, hər rayona cavabdeh şəxs təyin olunub. Bu barədə qurumdan bildirilib.
Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, qarlı və şaxtalı hava şəraitinə hazırlıqla bağlı şəhər üzrə kommunal strukturların mövcud texnikası tam yoxlanılıb və istifadəyə hazır vəziyyətə gətirilib. Əlavə tədbirlərin icrasına nəzarət üçün BŞİH tərəfindən hər rayon üzrə məsul şəxs müəyyən edilib.
Suraxanı, Səbail və Nəsimi rayonlarında keçirilən son müşavirələrdə BŞİH rəsmiləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat qurumları və özəl sektor nümayəndələri iştirak ediblər. Müşavirələr zamanı qurum rəhbərlərinin hesabatları dinlənilib və yağıntılar zamanı operativ fəaliyyət mexanizmləri razılaşdırılıb.
İcra Hakimiyyəti qeyd edib ki, bütün təşkilatlar yağıntılar zamanı özlərinə aid ərazilərin qardan və buzdan təmizlənməsində fəal rol almalıdır. Qar təmizlənməsi işlərinə kommunal qurumlarla yanaşı idarə, təşkilat, bələdiyyə və özəl sektorun mövcud texnikalarının da cəlb edilməsi qərara alınıb.
Eyni zamanda ictimai iaşə obyektlərinə və özəl müəssisələrə də ərazilərinin təmizliyinə məsuliyyətlə yanaşmaları barədə çağırış edilib.
Son xəbərlər
Daha çox