Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar - Yenilənib
Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.Bu barədə yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov məlumat verib.
O bildirib ki, artıq praktiki proseslər başlayıb:
“Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb”.
Sürücünün sözlərinə görə, bu, təkcə tütün yükləri ilə bağlı deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:
“Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlayırlar. Görünür, məsələ artıq yoluna qoyulur. Avtomobillərə vurulan möhürlər açılıb və onlar sabah səhərdən yola düşəcəklər”.
Həm Azərbaycanın Gürcüstandakı səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.
***
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.Bu barədə “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.
Tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılmışdı.