Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Bu barədə AYNA-dan bildirilib.
Agentliyin məlumatına görə, pilot layihə çərçivəsində NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəniş imkanı ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq olunub. Pilot mərhələ 1–3 gün ərzində sınaqdan keçiriləcək və nəticələrə əsasən sistemin tətbiqi genişləndiriləcək.
Məqsəd Bakıdakı bütün marşrut avtobuslarında nağdsız ödəniş mexanizmini tam şəkildə tətbiq etməkdir. Bu dəyişiklik sərnişinlərin nağd pul və fiziki BakıKart daşınmasına ehtiyacını aradan qaldıraraq telefon, ağıllı saat və ya digər NFC funksiyalı cihazlarla ödənişi mümkün edəcək.
Ödəniş zamanı cihazı validatora yaxınlaşdırmaq kifayət edir və əməliyyat dərhal tamamlanır. Sərnişinlər avtobuslarda yalnız NFC dəstəkli kartlar, smartfonlar və BakıKart vasitəsilə ödəniş edə bilərlər.
Bildirilib ki, MasterCard və Visa kartları ilə nağdsız ödəniş sistemi artıq ölkənin bir sıra şəhərlərində tətbiq olunur və Bakı metrosunda da bu il 1 noyabrdan sərnişinlər NFC dəstəkləyən yerli bank kartları ilə gediş haqlarını ödəyə bilirlər.