244 nömrəli məktəbdə direktor vəzifəsinin icrası müvəqqətidir- BŞTİ
Bakıda yerləşən 244 nömrəli tam orta məktəb və 135 nömrəli tam orta məktəbin direktoru eyni şəxsdir. bu barədə Unikal ilk məlumat yayıb.
İddialara əsasən, hər iki təhsil müəssisəsinə Şəfa Qurbanova direktor vəzifəsinə təyin olunub. Bildirilir ki, təyinatlar müvafiq qərar əsasında həyata keçirilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 244 və 135 nömrəli tam orta məktəblərin eyni direktor tərəfindən idarə olunması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Bildirilib ki, 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən etibarən 3 ay müddətinə Bakı şəhəri 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib.
Qurumdan qeyd olunub ki, sözügedən təyinat daimi xarakter daşımır və yalnız vakant vəzifə üzrə idarəetmənin fasiləsizliyinin təmin olunması məqsədi daşıyır.
Aytac Zeynalova