“Memar Əcəmi” stansiyasının ikinci keçidi müvəqqəti bağlanacaq
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Yaşıl xətt üzrə “Memar Əcəmi” stansiyasının ikinci vestibül keçidində təmir işlərinə başlayıb.
1985-ci ildə istifadəyə verilmiş keçiddə korroziyaya uğramış divar üzlükləri və döşəmə örtüyü yenilənəcək. Təmir çərçivəsində 260 kvadratmetr divar mərmər analoqları ilə, 370 kvadratmetr döşəmə isə mozaika üzlükdən qranit materialla əvəz ediləcək.
Təhlükəsizlik və işlərin səmərəliliyini təmin etmək üçün stansiyanın 4-cü çıxışı müvəqqəti bağlı saxlanılacaq, keçid isə yarı açıq şəkildə sərnişin istifadəsinə verilib. Təmir işlərinin ən qısa müddətdə tamamlanması planlaşdırılır.
Ötən ilin avqust ayında stansiyanın digər keçidində və giriş-çıxışlarında əsaslı bərpa işləri aparılmışdı.