AQTA: Azərbaycanda quş qripi və Nyukasl xəstəliyi aşkarlanmayıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2025-ci ilin 17–21 noyabr və 8–12 dekabr tarixlərində respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan epizootoloji monitorinqlərin nəticələrinə görə quş qripi və Nyukasl xəstəliyinə dair yoluxma halı qeydə alınmayıb.
AQTA-nın məlumatına əsasən, aidiyyəti qurumların iştirakı ilə keçirilən monitorinqlər dövlət təbiət yasaqlıqları, ovçuluq təsərrüfatları, milli parklar, eləcə də su-bataqlıq və dənizsahili zonalar daxil olmaqla geniş əraziləri əhatə edib. Su anbarları və çaykənarı sahələrdə aparılan müşahidələr zamanı vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növlərdən diaqnostik nümunələr götürülüb.
Bundan əlavə, sənaye əsaslı quşçuluq müəssisələrində və 34 rayon və şəhərdə ailə təsərrüfatlarında saxlanılan ev quşlarından qan və yaxma nümunələri toplanaraq laborator müayinələrə cəlb olunub.
Laborator analizlərin və ümumi epizootoloji müşahidələrin nəticələrinə görə, quş qripi törədicisinə və xəstəliyə şübhəli klinik əlamətlərə rast gəlinməyib. Ev quşlarından götürülən nümunələrin Nyukasl xəstəliyi üzrə müayinələri də mənfi nəticə verib.
AQTA mövsümi riskləri nəzərə alaraq hər il ölkə üzrə epizootoloji monitorinqlər aparır. Məqsəd vəhşi və ev quşları arasında təhlükəli yoluxucu xəstəliklərin vaxtında aşkarlanmasının və qarşısının alınmasının təmin edilməsidir.
Aytac
Son xəbərlər
Daha çox