Ermənistan Azərbaycanla qarşılıqlı maraq doğuran məhsulların siyahılarını mübadilə edir
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalı ilə bağlı razılaşmanın detalları barədə açıqlama verərək bildirib ki, məsələ hökumətlərarası səviyyədə müzakirə olunub və kommersiya əsaslı yanaşma tətbiq edilib.
Paşinyanın sözlərinə görə, baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan Baş nazirinin müavini Azərbaycanın neft məhsullarını satmağa hazır olduğunu bəyan edib. Bunun ardınca Ermənistan hökuməti bazar imkanlarını araşdıraraq bu məlumatı siyasi məqsədlər güdməyən iş adamlarının diqqətinə çatdırıb.
“Biz dedik ki, belə bir imkan var. Hökumət heç kimi Azərbaycandan benzin almağa məcbur etmir. Hər iki tərəfin şirkətləri arasında əlaqələr qurulub,” – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, ilk idxal partiyası zamanı boykot halları müşahidə olunub və bəzi satış şəbəkələri həmin benzini satmaqdan imtina ediblər. Onun sözlərinə görə, bu vəziyyət ilkin mərhələdə mövcud olan narahatlıqların əsaslı olduğunu göstərib.
“İndi isə düşünürəm ki, bazarın açıq olduğu və bu fürsətdən istifadə etmək istəyən hər kəsin yararlana biləcəyi daha aydın olacaq,” – Paşinyan əlavə edib.
Paşinyan həmçinin digər malların ticarəti perspektivlərinə toxunaraq bildirib ki, hazırda Ermənistan və Azərbaycan tərəfləri qarşılıqlı maraq doğuran məhsulların siyahılarını mübadilə edir.
“Proses davam edir. İlkin siyahılar mübadilə olunub, araşdırmalar aparılır. Konkret nəticələr olduqda bu barədə məlumat veriləcək,” – o vurğulayıb.
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin tərkib hissəsi kimi iqtisadi və ticarət əlaqələrinin mümkün bərpası son aylarda tərəflər arasında aparılan danışıqlarda gündəmdədir
Gülnar
Son xəbərlər
Daha çox