Bakı Ali Neft Məktəbində “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası açılıb
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası fəaliyyətə başlayıb. Açılış mərasimi tədbirində dövlət qurumları və beynəlxalq tərəfdaşların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev laboratoriyanın XRİTDX ilə BANM arasında imzalanmış əməkdaşlıq memorandumuna və Azərbaycan Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na uyğun qurulduğunu bildirib. Musayev laboratoriyanın texniki imkanlarının artırılması üçün İqtisadiyyat Nazirliyi ilə birgə işlərin davam etdirildiyini də qeyd edib.
O bildirib ki, laboratoriya həm tələbələr və müəllimlər, həm də dövlət qurumlarının əməkdaşları üçün beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində təlim və təcrübə imkanları yaradacaq. Musayev əlavə edib ki, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi laboratoriyanın fəaliyyətinə inteqrasiya olunub və kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenarilərinin simulyasiyasını təmin edir.
BANM-in rektoru Elmar Qasımov laboratoriyanın ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik tədrisin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, laboratoriya tələbələrə real sınaq platformalarında təcrübə qazanmaq imkanı verəcək və gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərinin hazırlanmasına xidmət edəcək.
Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun elmi direktoru Carmen Elena Cirnu laboratoriyanın “Cyber Polygon” layihəsi çərçivəsində simulyasiya əsaslı təlim və test mexanizmləri təqdim etdiyini bildirib. O qeyd edib ki, platforma SCADA kimi kritik informasiya sistemlərinin virtual surətləri üzərində sınaqlar aparmağa imkan verir və bu yolla real sistemlərin təhlükəsizliyinə zərər vermədən boşluqlar aşkar edilə bilir.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin, SOCAR və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edərək laboratoriyanın kibertəhlükəsizlik sahəsində təhsil və praktiki hazırlıq üçün əhəmiyyətini vurğulayıblar.
Aytac