Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin məlumatına görə, iranlı nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəxslərin xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Nazirlikdə keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib, “Şərəf kitabı” imzalanıb.
Görüşdə Zakir Həsənov Azərbaycan–İran münasibətlərinin çoxəsrlik tarixə malik olduğunu bildirib və qarşılıqlı səfərlər, eləcə də birgə hərbi təlimlərin əməkdaşlığın dərinləşməsinə töhfə verdiyini qeyd edib.
Əziz Nəsirzadə isə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın hərbi sahədə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.