Azərbaycanda iki Hindistan vətəndaşı qaçırılıb və birgə əməliyyat nəticəsində azad ediliblər
Qeyri-qanuni miqrasiya şəbəkəsi ilə əlaqəli olduğu ehtimal edilən iki Hindistan vətəndaşı Azərbaycanda qaçırılıb və ailələrindən külli miqdarda pul tələb olunub. Bu barədə Hindistan KİV-ləri məlumat verib.
Söhbət Qucarat ştatının Anand rayonunun sakinləri — 22 yaşlı Dhruv Patel və 32 yaşlı Dipika Pateldən gedir. Bildirilir ki, onlar ABŞ-a qeyri-qanuni miqrasiya marşrutu ilə getmək niyyətində olublar.
Məlumata görə, yanvarın 30-da Ananddan Vadodaraya, oradan isə Dehliyə gediblər və fevralın 1-də Bakıya gəliblər. Gəlişdən sonra vasitəçilər əlavə pul tələb edib. Ödənişdən imtina etdikdən sonra onlar qaçırılaraq Bakının kənar ərazilərindən birində saxlanılıb.
Ailələrinə təzyiq məqsədilə zorakılıq görüntüləri göndərilib və fidyə tələb olunub. Hadisədən sonra Qucarat ştatından deputat Miteş Patel Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar ilə əlaqə saxlayıb. Hindistanın Bakıdakı səfirliyi Azərbaycan hüquq-mühafizə orqanlarını məlumatlandırıb.
Birgə əməliyyat nəticəsində girovlar 24 saat ərzində azad edilib. Hazırda onlar Hindistan səfirliyinin himayəsindədirlər və istintaq davam edir.
N.Təbrizli