Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Kənd Təsərrüfatı Nazirliyinə məxsus Aqrar Tədarük və Təchizat ASC qarşıdan gələn Novruz bayramı münasibətilə ilk dəfə Cəbrayıl və Zəngilanda “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək.
"Yarmarkaların əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir", - açıqlamada deyilir.
Yarmarkalar ölkə üzrə 12 məntəqədə, 11 gün fasiləsiz davam edəcək. Tədbirdə 25 regiondan 147 fermer, 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaq. Məhsulların keyfiyyətinə nəzarət üçün hər gün Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək və vətəndaşlar laboratoriya xidmətlərindən yararlana biləcəklər.
Paytaxtda yarmarkalar Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5, "Gənclik" metrosunun yanı və 13-17 mart tarixlərində "Əhmədli", "Neftçilər", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və "Azadlıq" metro stansiyaları yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad, Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində keçiriləcək. Cəbrayıl rayonunun Horovlu kəndində 16 mart, Zəngilan rayonunun Ağalı kəndində 17 mart bir günlük səyyar yarmarkalar təşkil olunacaq.