Gəncədə 27 kq heroin aşkarlanıb, dəyəri 1,6 milyon manat qiymətləndirilir
Gəncə şəhərində keçirilən əməliyyat zamanı 27 kiloqramdan çox heroin aşkarlanıb, narkotiklərin “qara bazar”da dəyərinin 1,6 milyon manat olduğu bildirilir.
Gəncə Şəhər Baş Polis İdarəsinin məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilinərək saxlanılıb. Onun üzərində olan idman çantasına baxış zamanı 27 kiloqram 475 qram heroin aşkar edilərək götürülüb.
İlkin ifadəsində saxlanılan şəxs narkotik vasitəni sosial şəbəkə vasitəsilə əlaqə saxladığı və şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib. Onun sözlərinə görə, heroini Gəncə şəhəri ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırıb.
Polisin məlumatına əsasən, götürülən heroinin “qara bazar”da təxminən 1 milyon 600 min manat dəyərində olduğu ehtimal edilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Ə. Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda narkotiklərin mənbəyi və dövriyyə şəbəkəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Aytac